MSK-da MDB PA ekspert qrupu ilə görüş keçirilib

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu Mərkəzi Seçki Komissiyasının sədr Məzahir Pənahovla görüşüb. Məlumatı Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə istinadən APA yayıb.

MSK sədri seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirib, MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun olduğunu vurğulayıb.

Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitriy Qladey isə bildirib ki, rəhbərlik etdiyi qrup müxtəlif ölkələrin nüfuzlu ekspertlərindən təşkil olunub. Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır.

MSK sədri Məzahir Pənahov qonaqların xahişi ilə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

28.03.2018