Milli azlıqlar yaşadıqları dövlətin rəsmi dilni bilməlidir

Bu günlərdə kütləvi informasiya vasitələri Latviya Parlamentinin ölkənin bütün ümümtəhsil məktəblərində tədrisin latış dilinə keçməsi haqqında qanun qəbul etdiyini xəbər verib. Sözügedən qanunun lehinə əksər deputatlar səs vermiş, baxmayaraq ki, bu gün Latviyada yaşayan 2 milyon əhalinin 40% rusdillidir. Hələ illər əvvəl Latviya parlamenti latış dilini pis bilən və öz iş yerində ondan kifayət qədər istifadə etməyənlər üçün inzibati cəzaları sərtləşdirən qanun layihəsini qəbul etmişdir. Latviya Parlamentinin rus dili ilə bağlı atdığı son radikal addım ölkədə yaşayan rus icmasının nümayəndələrinin vəziyyətlə barışıb yeni qaydalara əməl etməyə, yaxud da ölkəni tərk etmələrinə gətirib çıxaracaq. Ekspertlərin fikrincə, məktəblərdə doğma dildə təhsilə qoyulan qadağa rus şagirdlərində boya-başa çatdıqları və Vətən hesab etdikləri Latviyaya qarşı etiraz və nifrət kimi hisslər əmələ gətirəcək və onlar başqa ölkələrə üz tutacaqlar ki, bu da nəticədə Latviyanı mono dövlətə çevirəcək. Son məlumatlara görə, ölkənin rusdilli əhalisi artıq kütləvi aksiyalara başlayıb, son oxunuşda qəbul olunan və prezidentin imzasını gözləyən yeni qanun layihəsinə etiraz edirlər.

Əslində, Baltikyanı dövlətlərdə milli azlıqlara olan münasibət tarixən heç də birmənalı olmamışdır. SSRİ-dan ilk ayrılan, Avropa və qərb ölkələri sıx əmədaşlıq yaradan məhz bu üç respublika, xüsusilə də Latviya olmuşdur. Bu məsələnin kökündə sözsüz ki tarixi hadisələr, latışların yaşam tərzi, fərqli baxışlar və dövlət siyasəti durur. Mühacirliyin yayıldığı Avropa ölkələrində vətəndaşlıq almaq istəyən şəxslərin həmin dövlətlərin dili və tarixindən imtahan vermələri qaçılmazdır. Özünü Avropa ölkələri sırasında görən latışlar üçün burada yaşayan milli azlıqların dövlət dilində danışmaları milli siyasətin tərkib hissəsidir. Necə deyərlər, “Kimliyindən asılı olmayaraq, istənilən dövlətdə yaşayan şəxs onun dili bilməlidir”. Bununla razılaşmamaq çətindir.

Şübhəsis ki, rus dili postsovet məkanında millətlərarası ünsiyyət dilidir və bu dil Azərbaycanda rəsmi dövlət dili olmasa da, ünsiyyət və danışıq dili olduğundan onu ikinci dil adlandırmaq olar. Multikultural Azərbaycan cəmiyyəti ölkədə yaşayan mili-etnik azlıqlara və milli dillərə qonşu dövlətlərdə olmayan sonsuz tolerantlıq, hörmət və ehtiramla yanaşır. Müstəqillik qazanandan sonra Azərbaycanda sovet dövrü ilə müqayisə rus məktəblərinin sayı azalsa da, uşaq bağçaları, məktəb və ali təhsil müəssisələrini əhatə edən təhsil sistemində rus dili var və bu azmış kimi, son illər Azərbaycanda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Xüsusilə rusdilli olmayan ailələrin rus bölməsinə müraciət etməsi paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaradıb. Bu gün Azərbaycanda 16 rus məktəbi fəaliyyət göstərir, Azərbaycan bölməsi ilə yanaşı rus bölmələrinin də olduğu məktəblərin sayı 380-dır, 27 universitetdə tədris prosesi iki dildə aparılır, 100 mindən artıq tələbə rus bölməsində oxuyur. Rəsmi statistikaya görə, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə, yəni Bakıda birbaşa nazirliyə tabe olan 15 məktəbdə ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub ki, bu da rus bölməsinin payının 51,5% təşkil etdiyini göstərir.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə nəzər salsaq görərik ki, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyasının 44-cü maddəsinə əsasən, «hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır». Daxili qanunvericiliyin bir çox müddəaları, Prezidentin Fərmanları və digəır hüququ-normativ aktlar Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir.

Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir ki, dövlət onları ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir.

Yeri gəlmişkən, Cənubi Qafqazda yaşayan etnik ruslanın əksəriyyəti məhz Azərbaycanda məskünlaşmış, illərin müşahidələri göstərir ki, regionlarda yaşayan ruslar paytaxt Bakıda yaşayan ruslarla müqayisədə Azərbaycan dilini daha səlis bilir və ikinci ana dili kimi qəbul edirlər. Dövlətin rəsmi dilini bilmək Azərbaycan vətəndaşlarının borcu və hüququdur. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.

Digər tərəfdən, milli azlıqların yaşadıqları ölkənin rəsmi dilini bilmələri onların  cəmiyyətin həyatında hərtərəfli iştirakı ilə yanaşı, uğurlu gələcəklərini də şərtləndirən amillərdən biri və bəlkə də başlıcasıdır.

23.03.2018