Mehriban Əliyeva uşaqların bayram şənliyində iştirak edib

Mehriban_Eliyeva_UshaqlarHeydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənlikləri keçirib. APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bayram şənliyində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Bayram şənliklərinə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət olunublar. Bayram şənliyi Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlanıb. Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.

Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib. Bayram şənliyində çıxış edən Mehriban Əliyeva deyib ki, 2014-cü ili ölkəmiz uğurla yola salır, Azərbaycanda quruculuq, inkişaf işləri davam edir: “Bu gün hər birimiz fəxr edirik ki, biz müstəqil, azad, güclü Azərbaycanda yaşayırıq. 2014-cü ildə dünyanın müxtəlif yerlərində böhran, qarşıdurmalar, toqquşmalar baş verib. Amma bizdə – Azərbaycanda hər bir insan sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb. Biz fəxr edirik ki, ölkəmiz Azərbaycan, artıq 23 ildir ki, müstəqil ölkədir. Müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəmizi veririk”.

Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, ən böyük arzusu  uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Onun sözlərinə görə, bunun üçün uşaqlar bu gün gərək çox yaxşı oxusunlar: “Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz – bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız. Çox şadam ki, biz bütün bayramlarımızı birgə keçiririk. Heydər Əliyev Fondu sizin asudə vaxtınızın səmərəli təşkili ilə bağlı tədbirlər hazırlamaq üçün hər zaman öz səylərini göstərir. Artıq 10 ildir ki, fəaliyyət göstərən Heydər Əliyev Fondu ilk gündən uşaqlarımızın sağlamlığına və təhsilinə böyük diqqətlə yanaşır. Əziz dostlar, mən sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik, ölkəmizə əmin-amanlıq arzulayıram”.

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub. Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edib.

30.12.2014