MDB müşahidəçiləri Azərbaycanda keçiriləcək referendumu izləyəcəklər

Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası martın 18-də Azərbaycanda keçiriləcək referendumu izləyəcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün MDB ölkələrinin daimi nümayəndələri Şurasının iclasında Azərbaycanda keçiriləcək referendumda müşahidəçilik məsələsi müzakirə olunub. Missiyaya MDB İcraiyyə Komitəsinin sədr müavini vəzifəsini icra edən Toktasın Buzubayev rəhbərlik edəcək. Gələn həftə Bakıda missiyanın qərargahı açılacaq. Qərargaha MDB İcraiyyə Komitəsinin seçkilər və referendumlar şöbəsinin müdiri Yevgeni Sloboda rəhbərlik edəcək. Yeddi uzunmüddətli müşahidəçinin çalışacağı qərargahın regional bölmələri də açılacaq. Missiyaya müşahidəçi göndərmək üçün MDB ölkələrinə müraciətlər göndərilib. Missiyanın 100-dən artıq müşahidəçidən ibarət olacağı planlaşdırılır.
Mənbə: www.apa.az

18.02.2009