Məzahir Pənahov: “Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa mənəvi haqqı yoxdur”

seckiler“Azərbaycanda keçiriləcək referendumun yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb”. APA-nın məlumatlna görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, ölkədə bundan əvvəlki seçkilər də yüksək səviyyədə baş tutub. M. Pənahov referenduma ciddi yanaşılmağın vacibliyini qeyd edib: “Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyid yanaşmağa mənəvi haqqı yoxdur. Referenduma hazırlıq yüksək səviyyədə aparılır. Buna görə həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri həyata keçirilir”.

Bu arada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə  təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət ötən gün başa çatıb.

APA-nın digər məlumatına görə, Azərbaycan referendumu müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib. Bu barədə APA-ya AŞPA-dan məlumat verilib. “AŞPA bürosu sentyabrın 5-də keçiriləcək növbəti iclasında bu dəvəti nəzərdən keçirəcək”, –  deyə AŞPA-dan bildirilib.

23.08.2016