Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazma nümunələri Gəncəyə gətirilir

Mehseti_Gencevi_ElyazmaMəhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür. APA-nın məlumatına görə, tədbirlərdə qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir.

Bu yaxınlarda şairənin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanan miniatür, illüstrasiya və rübailəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə əldə olunub.

Qeyd edək ki, Məhsəti Gəncəvinin rübailəri əsasında çəkilmiş 100-ə yaxın miniatür və illüstrasiyalar toplu halında çapa hazırlanıb. Bundan əlavə, məşhur ingilis tədqiqatçısı Paul Smitin Məhsəti Gəncəviyə həsr olunmuş 6 monoqrafiyasının Azərbaycan dilinə tərcüməsinə başlanılıb, “Məhsəti Gəncəvi tədqiqatçıların gözü ilə” və Məhsəti Gəncəvinin musiqi dünyası” kitabları çapa hazırlanıb.

6.04.2013