Layihəmizin təqdimatı başa çatdı

Resize of IMG_5838Oktyabrın 29-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını başa çatdırdı.

Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin rəsmiləri və orta ümumtəhsil məktəblərinin təmsilçiləri iştirak edirdi. ELS-ın təşəbbüsü və maliyyə dəstəyi ilə ilk dəfə olaraq  “Bənövşə” Dövlət Uşaq Xorunun ifasında səsləndirilən Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan təqdimat mərasimi ELS-ın rəhbəri və sözügedən layihənin koordinatoru İradə Yaqubovanın çıxışı ilə davam edib.  O, bildirib ki, Azərbaycanın tarixində ilk dəfə olaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən keçirilmiş “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disk və not albomlarının işıq üzü görməsi son günlər cəmiyyətin marağına səbəb olmuşdur. “Mən oktyabrın 23-də İctimai Televiziyanın “Yeni gün” proqramında layihə haqqında ətraflı məlumat vermişəm, uşaq yaradıcılıq kollektivlərinin ifasında isə yeni uşaq mahnıları səslənib. Ötən gün isə “Yeni uşaq mahıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin həmsədrləri Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə ilə birlikdə Azərbaycan Dövlət Televiziyasının “Səhər” proqramının qonağı olduq, gənc istedadlarımız canlı efirdə qalib mahnıların bir neçəsini ifa etdi” – deyə İ.Yaqubova qeyd edib.

Qarşılıqlı maraq və diskussiya şəraitində keçən görüşdə Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin musiqi müəllimləri təqdim olunan disk və not albomlarına çoxdan ehtiyac duyulduğunu dilə gətiriblər. Bu istiqamətdə işlərin davam edəcəyinə ümid edən peşəkarlar ELS Müstəqil Araşdırmalar Mərkəzi ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

29.10.2014