İsmayıllı, Qəbələ, Oğuz rayonlarında treninqlər təşkil olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 11-də İsmayıllı, Qəbələ, Oğuz rayonları ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində təmsil olunacaq intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. 11 sentyabrda İsmayıllı və Oğuzdan olan intervüer və supervayzerlər üçün təlim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) regional ofisində baş tutub. Burada təlim iştirakçılarına seçki günü «Exit-poll» keçirəcək intervüer və supervayzerlərin görəcəyi işlər, funksiya və vəzifələri açıqlanıb. Təlimçi eyni zamanda iştirakçılara mövcud sənədlər barədə ətraflı məlumat veriblər. Treninq zamanı iştirakçılar təlimçiyə qarşılaşacaqları problemlər barədə suallar ünvanlayıblar. Onların bütün sualları ətraflı cavablandırılıb.

Günün ikinci yarısında isə Qəbələ rayon ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələri üzrə intervüer və supervayzerlər təlimlərə cəlb olunub. Qəbələ rayon təmsilçilərinə də seçki günü «Exit-poll» aparan şəxs bir kimi qarşıya qoyulan vəzifələr, görəcəkləri işlər barədə məlumat verilib. Təlimçi burada da «exitpoll» zamanı istifadə olunacaq sənədlərlə işləmə mexanizmini intervüer və supervayzerlərin diqqətinə çatdırıb. Sonda iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, təlim zamanı iştirak etməyən 6 nəfər şəxsin prosesə cəlb olunması üçün ayrıca vaxt təyin edilib.

27.09.2008