İradə Yaqubova: Exit-poll” 118 seçki dairəsini əhatə edəcək

28.10.2015 exitpoll“Seçkilər” Media Mərkəzi – “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi noyabrın 1-də 118 seçki dairəsi, 1180 məntəqədə “exit-poll” tədqiqatı aparacaq.  Secki-2015.az xəbər verir ki, bu barədə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru İradə Yaqubova “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib.

“Bu müddətdə Mərkəz “exit-poll” sahəsində təcrübəsini ilbəil artırıb. Hər dəfə də nəticələr seçkilər bitdikdən sonra 1 saat ərzində ictimaiyyətə çatdırılıb. Toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər də nəşr edilib”…

İ.Yaqubova qeyd edib ki, 1 noyabr  parlament seçkilərində keçiriləcək “exit-poll” 2010-cu ildə keçirdiyimiz “exit-poll”dan seçim və sayına görə fərqlənmir. Hər seçki dairəsində ortalama 10 məntəqə götürməklə 1180 seçki məntəqəsində “exit-poll” tədqiqatı aparılacaq.

“Seçimə düşən hər bir seçki məntəqəsində bizim iki intervüyerimiz “exit-poll” tədqiqatını aparır. Orta hesabla hər 3-4 seçki məntəqəsinə 1 supervayzer, yəni intervüyerlərin işinə nəzarət edən şəxs təhkim olunur. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin 1180 seçki məntəqəsində “exit-poll” keçirəcəyini nəzərə alsaq, ümumilikdə 2360 intervüyer, təxminən 200 nəfərə yaxın da supervayzer prosesə cəlb olunub. Seçki günündən təxminən 3 ay öncədən biz ilk növbədə intervüyer və supervayzerlərin seçimini aparırıq. Seçimlər aparıldığından artıq bütün Azərbaycan üzrə intervüyer və supervayzerlərin təlimlərini başa çatdırmışıq. Təlimlərdə seçki günü “exit-poll” tədqiqatını hansı formada aparmaları və sair məsələlər izah olunub. Həm intervüyer və supervayzerlərin seçim mərhələsində, həm də onlara təlimlərin keçirilməsi prosesində hər hansı çətinliklə üzləşməmişik. Çünki bu günə qədər keçirilən bütün “exit-poll”larda iştirak edən intervüyer və supervayzerlərimizin əksəriyyəti yenidən bizimlə işləmək istədiklərini bildiriblər”- deyə, təşkilat rəhbəri vurğulayıb.

İ.Yaqubovanın sözlərinə görə, prosesdə 2600 kadr iştirak edəcək. Onların arasında xeyli sayda könüllü də var. Təşkilat rəhbəri, həmçinin “exit-poll” keçirilməsinin prosedurları haqqında geniş məlumat verib. O qeyd edib ki, “exit-poll”un nəticələri seçki günü 20.00-dək elan olunacaq.

28.10.2015