İntensiv yağışlarla əlaqədar Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi artıb

chay_dashqiniEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda suyun səviyyəsi 6, Kürəkçayda 14, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 32 santimetr artıb. Onun sözlərinə görə, həmin ərazidən axan Viləşçayda isə sel müşahidə olunub: “Kür çayının yuxarı axınında suyun səviyyəsi 5 santimetr, Qanıx çayında isə 3 santimetr artım qeydə alınıb. Lakin hazırda Kürün aşağı hissələrində azalma müşahidə olunur”.

A.Verdiyev bildirib ki, yaxın günlərdə yağacaq yağışlarla əlaqədar olaraq bəzi dağ çaylarında qısamüddətli daşqınlar gözlənilir: “Ölkə ərazisində, əsasən də axşam və gecə saatlarında yağışlar proqnozlaşdırılır. Bəzi dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli qısamüddətli yağışlar gözlənilir. Bunla əlaqədar olaraq bəzi dağ çaylarında qısamüddətli daşqınlar ola bilər”.

23.05.2012