İlk dəfə olaraq “Bənövşə” uşaq xorunun ifasında Azərbaycan Himni səsləndirildi

15.12.2011Dekabrın 15-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sentyabrin 15-dən həyata keçirdiyi “Uşaq İnternet Portalının yaradılması” layihəsi çərçivəsində “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında layihənin yekun prezentasiyasını keçirmişdir.Tədbirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurası və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, habelə uşaq yaradıcılıq kollektivləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri dəvət olunmuşdular.

Azərbaycanda ilk Uşaq Portalının yekun prezentasiyasını keçirən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova layihə ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Belə ki, layihə çərçivəsində ilk dəfə olaraq “Bənövşə” uşaq xorunun ifasında Azərbaycan himni səsləndirilib və Portalda yerləşdirilmişdir. Onun sözlərinə görə, www.meneviservetimiz.az ünvanında yerləşən Portalın Azərbaycan dilində səhifəsi tərtib edilmiş, digər dillərdəki səhifələr isə hazırlıq mərhələsindədir. Azərbaycanla bağlı tarixi, coğrafi, sosial-iqtisadi, institusional və digər məlumatlar, uşaq və gənclərə aid qanunvericilik bazası, uşaqların mədəni inkişafı üçün yaradılmış şərait barədə də geniş informasiya yerləşdirilmişdir. Portalın bölmələrindən danışan layihə rəhbəri “Müsabiqələr” bölməsi üzərində xüsusi dayandı: “Azərbaycanda və xaricdə yaşayan və milliyyətindən asılı olmayaraq 15 yaşadək hər bir uşaq müsabiqənin hər bir mərhələsində təklif olunan mahnıları oxuyub lentə alaraq yazıları portala təqdim edə bilər. Qalib isə oxucuların qiymətləndirilməsi əsasında müəyyən ediləcək”. Onun sözlərinə görə, layihə başa çatsa da, hələ qarşıda görüləcək işlər çoxdur və müəyyən müddət tələb edir.

Layihənin İşçi Qrupunun incəsənət bölməsi üzrə rəhbəri, bəstəkar Oqtay Rəcəbov Portalın uşaqların musiqi və yaradıcılıq istiqamətində yetişməsində mühüm rol oynayacağını vurğuladı: “İşçi Qrupunun üvləri 3 ay ərzində xeyli işlər görmüş, uşaqlarımızın cəmiyyətin layiqli üzvləri kimi formalaşması üçün əllərindən gələni etmişlər” – deyə, bəstəkar əlavə etdi.

Daha sonra Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təmsilçiləri, tanınmış bəstəkar və şairlər yeni yaradılmış Portalın cəmiyyətin maarifləndirilməsində müsbət rol oynayacağını bildirərərək, bir sıra maraqlı təklif və məsləhətləri ilə bölüşdülər.

Mətbuat xidməti

15.12.2011