İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

ilkham_aliev_15Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatın görə, iclasda prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu ilə İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

İclasda MSK nəzdindəki İşçi qrupun rəhbəri İlham Məmmədov bildirib ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün MSK-ya 45 min imza təqdim olunub. Təqdim olunan 45 min imzadan 42 min imza yoxlanılmış və sonradan bu proses dayandırılıb: “İmza nümunələri İşçi qrupunun xətşünas mütəxəssisləri tərəfindən yoxlanılıb. Yoxlanma prosesinin dayandırılmasının səbəbi etibarlı imzanın 41794 ədəd olması olub. Yəni Seçki Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, düzgün imzalar 40 mini keçdikdə yoxlama prosesi dayandırılır. Qalan 206 imza isə etibarsız sayılıb”.

YAP-ın prezidentliyə namizədi İlham Əliyevin MSK-dakı maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov sonda çıxış edərək, öz təşəkkürünü bildirib. O deyib ki, Azərbaycanda keçirilən prezident seçkiləri bir çox Avropa ölkələri üçün də nümunə ola biləcək.

Qeyd edək ki, ümumilikdə indiyədək 18 nəfərin namizədliyi irəli sürülüb, onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov, Q. İsaqov və İ. İsmayılovun namizədlikləri təsdiq olunub.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

24.08.2013