İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayıb

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

Praktik, interaktiv metod və strategiyalar əsasında keçirilən təlimlərdə ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılacaq.

Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək.

Yekun qiymətləndirmənin nəticələrinə əsasən, ibtidai sinif müəllimlərinə ixtisasartırma təhsili haqqında sertifikat təqdim olunacaq.

27.11.2018