Ermənilər bu ilin doqquz ayı ərzində atəşkəsi 1150 dəfədən çox pozub

Esger_aticiİlin əvvəlindən 15 Azərbaycan hərbçisi şəhid olub, 2 hərbçi əsir götürülüb, 18 hərbçi və 1 mülki şəxs yaralanıb

Ermənistan Silahlı Qüvvələri sentyabr ayında cəbhə xəttində atəşkəs rejimini 154 dəfə pozub.APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi (Ağdam istiqamətində) yaralanıb. İyul ayında Naxçıvan istiqamətində atəşkəsin pozulması zamanı başından yaralanmış bir əsgəri isə dünyasını dəyişib.

Sentyabrda Ağdam rayonu istiqamətində atəşkəs rejimi 44 dəfə, Füzuli istiqamətində 31 dəfə, Goranboy istiqamətində 22 dəfə, Xocavənd istiqamətində 20 dəfə, Tərtər istiqamətində 5 dəfə, Qazax istiqamətində 19 dəfə, Tovuz istiqamətində 8 dəfə, Gədəbəy istiqamətində 2, Daşkəsən istiqamətində 1, Cəbrayıl istiqamətində bir dəfə pozulub.

Avqust ayında isə cəbhədə və dövlət sərhədində atəşkəs rejimi 146 dəfə pozulub. Atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam (37 dəfə) və Füzuli rayonları (35 dəfə) gəlir. Bundan başqa, atəşkəs rejimi Goranboy istiqamətində 23, Qazax istiqamətində 18, Xocavənd istiqamətində 11, Tərtər istiqamətində 7, Cəbrayıl istiqamətində 5, Tovuz istiqamətində 4, Gədəbəy istiqamətində 3, Göygöl istiqamətində 3 dəfə pozulub.

Avqust ayında cəbhədə atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub, 2 hərbçisi isə yaralanıb.

Ümumilikdə son 3 ay ərzində Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Füzuli rayonları istiqamətlərində daha çox aktivləşməsi müşahidə olunur.

Qeyd edək ki, 2012-ci ilin yanvar – sentyabr aylarında cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1150 dəfədən çox pozulub. Bundan başqa, iyun ayında bir həftə ərzində cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib.

Aparılmış dəqiqləşdirmələrə görə, cari ilin yanvar-sentyabr aylarında cəbhə xəttində Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 18 hərbçi, 1 mülki sakin atəşkəsin pozulması və mina partlayışları nəticəsində yaralanıb, 15 hərbçi isə şəhid olub.

3.10.2012