Elxan Süleymanov: “Antiazərbaycan qüvvələri ölkəmizə qarşı kampaniyalarını genişləndirir”

Elxan-suleymanov“Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may tarixi ərəfəsində bir sıra ənənəvi antiazərbaycan mövqeli təşkilatların ölkəmizə qarşı kampaniyaları yenidən geniş vüsət alıb. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch və digərləri xüsusi canfəşanlıqları ilə seçilirlər”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib. 

E. Süleymanov bildirib ki, əslində bu təşkilatlar Azərbaycana qarşı apardıqları qərəzli kampaniyalarını dayandırmamışdılar və onların bu kampaniyaları son bir neçə ay ərzində dinamik olaraq şiddətlənib və Fransa prezidenti Fransua Ollandın, Avropa Şurasının baş katibi Yaqlandın Azərbaycana səfəri və 14 mayda Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başlaması ərəfəsində özünün pik həddinə çatıb:

“Diqqəti çəkən məqam ondan ibarətdir ki, yuxarıda adı çəkilən təşkilatlar Azərbaycana qarşı kampaniyalarını bu dəfə xüsusi dəqiqliklə sinxronlaşdırılmış şəkildə aparmağa çalışırlar. Digər maraqlı məqam ondan ibarətdir ki, həmin təşkilatlar Azərbaycana qarşı kampaniyalarında həmişə olduğu kimi bu dəfə də eyni üsullardan və öz “sevimli” mövzularından – “siyasi məhbus” mövzusundan istifadə edirlər. Belə ki, Human Rights Watch təşkilatı 22 apreldə Fransa prezidenti Fransua Ollanda, Avropa Sabitlik Təşəbbüsü təşkilatı 23 apreldə bir sıra Avropa ölkələrinin ictimai-siyasi xadimlərinə və AŞPA-nın 114 üzvünə məktub ünvanlayıb, Freedom House isə 6 may tarixdə bəyanatla çıxış edib. Maraqlıdır ki, bu müraciətlərin leytmotivi tam eynidir, sanki onlar eyni mərkəz tərəfindən hazırlanıblar. Human Rights Watch təşkilatının məktubunda Azərbaycanda “hakimiyyət orqanlarının onlarla siyasi fəalı və hakimiyyəti tənqid edən şəxsləri həbs etməsi, dinc ictimai nümayişləri dağıtması və əsas azadlıqlara qadağa qoyan qanun qəbul etməsi” iddia edilir və Fransa prezidentinin 11-12 may 2014-cü ildə Bakıya səfəri zamanı Azərbaycanı “Avropa Şurası standartlarına uyğun davranmağa” çağıracağına ümidvarlıq ifadə edilir. Freedom House bəyanatında demokratik dövlətləri “Azərbaycanın Avropa Şurasına sədrliyinə hazırlaşdığı bir dövrdə ölkədə daha vacib məsələ olan insan hüquqları göstəricilərinin aşağı olması üçün məsuliyyətə çağırmalı” olduğunu bildirir. Avropa Sabitlik Təşəbbüsü təşkilatı daha irəli gedərək, AŞPA üzvlərini 2013-cü ilin yanvar ayında Azərbaycanda siyasi məhbuslara dair məruzəçinin hazırladığı qətnamə layihəsinin əksinə səs verməkdə ittiham edib, AŞPA üzvləri tərəfindən “qətnamə rədd edildiyinə və yeni məruzəçinin təyin edilmədiyinə görə” Azərbaycanda “yeni həbslər dalğası”nın başladığını, ölkədə insan hüquqları sahəsində vəziyyətin kəskin şəkildə pisləşdiyini və siyasi motivlərlə həbslərin aparıldığını iddia edib. Məktubda Azərbaycan prezidentinə Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlamazdan əvvəl bir sıra fəalı əfv etməsi üçün müraciət etmək, Avropa Şurasının baş katibinin Azərbaycana təcili səfər etməsi, siyasi məhbuslarla bağlı güclü və inandırıcı danışması üçün müraciət etmək və, nəhayət, siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin edilməsi təşəbbüsünü dəstəkləmək barədə çağırışlar edilib. Avropa Sabitlik Təşəbbüsü bu məktubla kifayətlənməyərək Avropa Şurasının baş katibi Törbyorn Yaqlandın may ayında Bakıya səfər edəcəyi barədə qərar açıqlandıqdan sonra 5 mayda yeni bir materialla çıxış edib. Həmin materialda bu təşkilat bütün etik normalardan kənara çıxaraq Azərbaycan-Avropa Şurası münasibətlərini siçan-pişik oyununa bənzədib, baş katib cənab Yaqlanda təsir, hətta təzyiq etməkdən belə çəkinməyərək onun eyni zamanda Nobel Sülh Mükafatı Komitəsinin sədri olduğunu xatırladıb və onu səfər zamanı “may ayında Azərbaycanın Nazirlər Komitəsinə sədrliyinin başlaması ilə əlaqədar siyasi məhbus problemi ilə ciddi məşğul olmağa” çağırıb. Göründüyü kimi, antiazərbaycan qüvvələrin əsas məqsədi ölkəmizə qarşı güclərini səfərbər etmək, yenidən “siyasi məhbus” problemini gündəmə gətirmək, bu problemi Azərbaycana qarşı uzunmüddətli təzyiq vasitəsi kimi gündəmdə saxlamaq üçün yeni məruzəçinin təyin edilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı bir neçə məqamı diqqətə çatdırmağı vacib hesab edirəm.

Birincisi, Azərbaycan 10 ildən artıq bir müddət ərzində Avropa Şurasının “siyasi məhbus” anlayışına dair bütün üzv ölkələrə şamil edilə biləcək universal hüquqi meyarların olmadığını qətiyyətlə bildirib və belə bir meyarların qəbul edilməsi uğrunda ardıcıl mübarizə aparıb. Nəhayət, qurumda siyasi məhbus meyarlarının olmaması etiraf edilib və siyasi məhbusların müəyyənləşdirilməsi üzrə məruzə 2012-ci ilin oktyabrında AŞPA-da müzakirəyə çıxarılıb. Qeyd etmək istərdim ki, bu məruzə siyasi məsuliyyəti olmayan Ştrasser tərəfindən hazırlanmışdı və o, sifarişli və qərəzli məruzəsini hazırlayarkən heç bir yaradıcılıq nümayiş etdirməmişdi. Belə ki, onun siyasi məhbusların müəyyənləşdirilməsinə dair təklif etdiyi meyarlar 2001-ci ildə baş katib tərəfindən yaradılmış müstəqil ekspertlər qrupunun hazırladığı meyarları təkrar edirdi. Bu isə problemin həllinə deyil, əksinə onun dalana dirənməsinə və gələcəkdə siyasi təzyiq vasitəsi kimi istifadə olunmasına xidmət edirdi. Xüsusilə vurğulamalıyam ki, AŞPA-da səsvermə ərəfəsində yetərsay səs olmayacağından ehtiyatlanan qüvvələr siyasi məhbus meyarlarının qəbul edilməsinə nail olunmasını qərəzli və böhtan dolu antiazərbaycan kampaniyası üzərində qurdu və onların davamlı şantaj və təzyiqləri nəticə etibarı ilə deputatların mövqelərinə təsir etdi. Hətta bu cür siyasi oyunbazlıqdan sonra belə, səsvermə 89/89 hesabla heç-heçə ilə nəticələndi. Bu səsvermə AŞPA-nın məsələ ilə bağlı etibarlılığını sarsıtdı və Assambleyada ciddi parçalanma olduğunu sübut etdi. Belə ki, bəzi qocaman deputatlar Avropa Şurasında belə səs bərabərliyi və böyük fikir ayrılığı görmədiklərini bildirdilər. Beləliklə, prosedur qaydalarının mükəmməl olmaması səbəbindən hüquqi baxımdan siyasi məhbusların müəyyənləşdirilməsinə dair məruzə qəbul edilmiş sayıldı. Lakin siyasi məhbus meyarlarının 89/89 hesabla heç-heçə qəbul edilməsi ilə bağlı ziddiyyət və parçalanmanı nəzərə alsaq, nəticə siyasi, mənəvi və əxlaqi baxımdan Avropa Şurasının tarixində bir ləkə kimi qaldı. İkincisi, AŞ üzvü olan bir sıra ölkələrdə insan hüquqları və azadlıqları sahəsində vəziyyət Azərbaycanla müqayisədə heç də ürək açan deyil. Maraqlıdır ki, buna baxmayaraq AŞPA üzvü olan 47 dövlətdən yalnız Azərbaycan  üzrə siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunmasında beynəlxalq təşkilatlar o cümlədən AŞPA qərəzli mövqedən israrlıdır. Monitorinq altında olan digər üzv dövlətlər üçün isə insan hüquqların və demokratiya sahəsində bütün məsələlər Monitorinq Komitəsinin həmməruzəçilərinin səlahiyyətinə aid edilmişdi və bu çərçivədə həll edilirdi. Azərbaycan uzun müddət AŞPA-da üzv dövlətlərin bərabərliyi və hüququn aliliyi prinsiplərinə əməl edilməsini və ayrı-seçkiliyə son qoyulmasını tələb etmişdir. Azərbaycanda da insan hüquqları və demokratiyanın vəziyyətinə dair məsələlər 2013-cü ilin yanvar sessiyasında AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair məruzəsi rədd edildikdən sonra digər üzv dövlətlərdə olduğu kimi Monitorinq Komitəsinin həmməruzəçilərinin səlahiyyətinə aid edilib. Bəs onda AŞPA nə üçün ayrı-seçkilik edir? Üçüncüsü, maraqlıdır ki, 2013-cü ildə Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində özünü hüquq müdafiəçiləri hesab edən Avropa Sabitlik Təşəbbüsü, Freedom House və Human Rights Watch təşkilatları nəyə görə susmağa üstünlük verdilər? Bəs beynəlxalq aləmdə özlərini qərəzsiz, prinsipial, barışmaz və konstruktiv hüquq müdafiəçiləri kimi təqdim edən bu təşkilatlar Ermənistanın digər bir dövlət olan Azərbaycanın 20% ərazisini işğal etməsinə, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsinə, onların hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına niyə göz yumdular və bu günədək göz yummaqda davam edirlər? Niyə bu “insan hüquqları carçıları” Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə onu işğala son qoymağa, 1 milyondan artıq insanın pozulmuş hüquqlarını bərpa etməyə, onların öz ev-eşiklərinə qayıtması və təhlükəsiz yaşamaq hüquqlarını təmin etməyə çağırmadılar? Bəs bu təşkilatlar 25 il Naxçıvanın blokadasına, 23 il Sərsəngin 400 min insanın fəlakəti ilə törədə biləcəyi humanitar faciəyə nə üçün biganədirlər? Bəs onlar işğalçı dövlətin Avropaya demokratiyadan insan haqlarından, qanunun aliliyindən dərs deməsini nə üçün alqışlayırdılar? Hansı səbəbdən bu təşkilatlar 47 üzv dövlətdən yalnız Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması iddiasına çalışırlar?

Suallar çoxdur, cavab isə birdir: Bu təşkilatlar özləri Ermənistanın və onun havadarlarının xidmətində dayananlar, onların maraqlarına qulluq edərək sifarişləri icra edirlər. Adı çəkilən QHT-lərin Azərbaycana qarşı hazırladıqları materialların təhlili həmin materialların bir mərkəzdə hazırlandığını və həmin təşkilatların bir mərkəzdən təlimatlandırıldığını deməyə əsas verir. Bu təşkilatların əsas məqsədləri beynəlxalq aləmdə Azərbaycanın imicinə ciddi zərbə vurmaq, onu insan hüquqları sahəsində imicinin qərəzli şəkildə pozulduğunu sübuta yetirməklə daim məşğul olmağa vadar etmək və diqqətini prioritet məsələlərin həllindən, xüsusən də Ermənistanın işğalının aradan qaldırılması istiqamətində fəaliyyətdən yayındırmaqdan və işğalı faktının unutdurulmasına nail olunmasından ibarətdir. Görünür ki, antiazərbaycan qüvvələr Ukraynada baş vermiş böhran nəticəsində beynəlxalq vəziyyətin gərginləşməsini, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaların tətbiq etməsini, AŞPA-da Rusiyanın səsvermə hüququndan müvəqqəti məhrum edilməsini, bir sıra ölkələrin aparıcı güc mərkəzləri üçün strateji əhəmiyyətinin artması səbəbindən onlara qarşı kampaniyalardan ehtiyatlanmalarını əsas tutaraq Azərbaycana qarşı səylərini birləşdirmək üçün münbit şərait olmasını zənn edirlər. Onlar eyni zamanda Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması ərəfəsində həmin antiazərbaycan səyləri praktik müstəviyə yönəldərək beynəlxalq arenada Azərbaycanın imicinə ciddi zərbə vurmağa hazırlaşırlar. Hesab edirəm ki, onlar həmişə olduğu kimi bu dəfə də ciddi şəkildə yanılırlar”.

13.05.2014