ELS yeni layihəyə start verdi

els1 iyun 2013-cü il tarixindən “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinə başlayır. Layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsi planlaşdırılır. Məqsəd yetişən nəslin mədəni və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş, yüksək vətəndaş şüurlu cəmiyyət üzvü kimi formalaşmasında önəmli rol oynayan uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bu günkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir.

Məlumat üçün bildiririk ki, ELS iki ildən artıqdır ki, uşaq və yeniyetmələrimizin mədəni, mənəvi-əxlaqi tərbiyələndirilməsində əhəmiyyətli yer tutan incəsənətin, xüsusilə də musiqinin bugünkü vəziyyəti və tutduğu yer ilə bağlı araşdırmalar aparır. Araşdırmaların nəticələri və təkliflər doqquz dəyirmi masada ictimaiyyət, tanınmış incəsənət xadimləri və müvafiq rəsmi qurumların təmsilçilərinin iştirakı ilə müzakirə edilmiş, təkliflər əsasında ölkə Prezidentinə üç müraciət göndərilmişdir. Gənc nəslin mədəni inkişafı üçün zəruri olan məlumat bazasını toplayaraq AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ELSwww.meneviservetimiz.az ünvanında Uşaq İnternet Portalını yaratmışdır.

1.06.2013