“ELS” yeni layihəyə başlayır

els“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinə start verir.

Qeyd edək ki, layihə çərçivəsində uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının toplumunun tərtibi və buraxılması nəzərdə tutulmuşdur. Topluma mahnıların audiodisklərə yazılması və notlarının nəşri daxildir.

Hələ 2011-ci ilin fevral ayında “Bəstəkar və şairlər, xüsusən də gənc bəstəkarlar arasında uşaq mahnılarının bəstələnməsinə marağın artması məqsədilə uşaq mahnısı müsabiqələri təşkil edilməli, qalib mahnılar isə disklərdə buraxılmalıdır” təklifini irəli sürən ELS iki ildən sonra, 2013-cü ildə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsini həyata keçirməyə müvəffəq olmuşdur. Təşkilat komitəsi və Münsiflər Heyətindən ibarət işçi qrupu yaradılmış və müsabiqənin keçirilməsi şərtləri: müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlərin də iştirak etmək imkanı; müsabiqəyə təqdim olunan mahnıların isə uşaqların gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri əhatə etmələri və s. müəyyənləşdirilmişdir. Bir ay ərzində tanınmış incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti gərgin iş qrafiki ilə işi nəticəsində müsabiqəyə 19 müəllifin təqdim etdiyi 77 mahnıdan qaliblər seçildi, dekabrın 19-da isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi.

Xatırladaq ki, müsabiqədə “Xoş gəlmisən Novruzum” (sözləri və musiqisi: Səadət Fərziyeva),“Rəssam olacağam” (musiqisi: Zabitə Məmmədova, sözləri: İsmayıl Dadaşov), “Vətən hissi”(musiqisi: Cahangir Zülfüqarov, sözləri: Yusif Həsənbəy),  “Yeddi çiçək, yeddi gül” (musiqisi: Məryəm Əlibəyli, sözləri: Zümrüdxanım Ağayeva), “Qaranquşum” (sözləri və musiqisi: Səadət Fərziyeva), “Qaçma dayan” (musiqisi: Nazim Quliyev, sözləri: Abdulla Şaiq),“Günəş” (musiqisi: Məryəm Əlibəyli, sözləri: Sevinc Nuruqızı), “Uşaq baxçamız” (musiqisi: Natiq Qəzənfəroğlu, sözləri: İsmayıl Dadaşov), “Qiymətlərim 5” (sözləri və musiqisi: Elşən Nəzərov), “Dostluq” (musiqisi: Cahangir Zülfüqarov, sözləri: Aysel Nəcəfzadə) mahnıları qalib olmuşdur. Bundan başqa “Ana laylası” və “Gözəl Bakı” mahnıları müvafiq olaraq “Laylalar” və “Gənc nəsil” nominasiyalarına layiq görülmüşdür.

6.05.2014