ELS təbrik edir

Bu gün yazıçı Gülzar İbrahimovanın ad günüdür

Bu gün yazıçı, “Sehrli Dünya” uşaq jurnalının təsisçisi və baş redaktoru, uşaqlar arasında nağıl yazarı – “Gülzar nənə” kimi tanınan və sevilən Gülzar xanım İbrahimovanın doğum günüdür.

Uzun illər bu gülərüz, mehriban, səmimi və işgüzar xanımla əməkdaşlıq edir, onun körpələrimiz üçün yazdığı nağıl, tapmaca, şeir, təmsillərinin daimi oxucusuna çevrilmişik. Həyata keçirdiyimiz layihələrdə, istər meneservetimiz.az saytının yaradılması, istərsə də “Uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi zamanı Gülzar xanım kollektivimizdə çalışan hər kəsin sevimlisinə çevrilib.

Meneservetimiz.az saytının “müəllif nağılları” bölməsində yazıçının “Doğrudan da maraqlıdır!”, “Evin kişisi”, “Evə ayı gəlib”, “Qəhrəmanlar”, “Ərköyün qız” və s. biri-birindən maraqlı nağılları yer alıb. “Gülzar nənə”nin əsərləri o qədər sadə və anlaşılan dildədir ki, sanki onları ətraf mühiti dərk etməyə çalışan bir körpə yazıb. Bəlkə də elə buna görə, Gülzar İbrahimovanın əsərləri həm körpələrə, həm də bizlərə yaxındır. Nagılları oxuyan uşaqlar xeyirxah olmağa, yaşıdları ilə dostluq etməyə və səhvlərini etiraf etməyi öyrənir, hətta bəziləri bu balaca qəhrəmanlarda özlərini görürlər. Biz isə “Gülzar nənə”nin sayəsində uşaqlıq illərimizə qayıdıb, keçirdiyimiz duyğu və hissləri bir daha yaşayırıq.

Əzizimiz Gülzar xanım! Bu xoş gündə Sizə yeni yaradıcılıq uğurları arzulayırıq ki, təbiətin Sizə bəxş etdiyi istedad körpədən böyüyə kimi daim sevindirsin və xoş anlar yaşatsın!

Həmişə sağlam, xoşbəxt və sevilən olun!

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi

21.12.2018