«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Salyan və Neftçalada treninqlər keçirib

n1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 13-də Salyan və Neftçala şəhərlərində «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. İlkin olaraq Salyanda rayon ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək 12 intervüer, 3 supervayzer və 4 nəfər ehtiyat kimi nəzərdə tutulanlar treninqə cəlb edilib. Buradakı təlimlərə təlimçi kimi Nəzirməmməd Quliyev qatılıb. Eyni zamanda treninqdə «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da iştirak edib. Təlim zamanı Salyan rayonu üzrə intervüer və supervayzerlərə funksiyaları və vəzifələri izah edilib. Həmçinin onlara mövcud anket və sorğu vərəqələrinin formaları təqdim olunub. Treninqdə «Exit-poll» iştirakçılarının yekun siyahısı və dislokasiyası müəyyənləşib və sonda iştirakçıların sualları cavablandırılıb.

Neftçalada rayon ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində intervüer və supervayzer qismində işləyəcək şəxslər treninqə cəlb olunub. Eyni zamanda buradakı  treninqdə həmin məntəqədə seçki günü səsvermə prosesini izləyəcək müşahidəçilər də iştirak edib. Neftçaladakı treninq zamanı intervüer, supervayzer və müşahidəçilərə seçki günü icra edəcəkləri vəzifələr açıqlanıb. Burada onlara müvafiq sənədlər təqdim olunub. Sonda treninq iştirakçılarının sualları təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, ümumilikdə hər iki rayon üzrə treninqlərdə 26 nəfər iştirak edib.

27.09.2008