“ELS” Müstəqil Araşdırmalar Mərkəzi növbəti “Ekzit-poll” tədqiqatına start verdi

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2018-ci il Prezident seçkilərində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına başlayıb. Aprelin 11-də respublikanın 118 seçki dairəsinin 300 məntəqəsində aparılacaq “Ekzit-poll” tədqiqatı ilə bağlı Mərkəzdə hazırlıq işləri, o cümlədən məntəqələr üzrə seçilmiş intervüerlər üçün treninqlərə hazırlıq və s. təşkilati işlər gedir.

2018-ci il “Exit-poll” tədqiqatında 600 intervüer, 85 supervayzer iştirak edəcək. Tədqiqata yeni qoşulan gənclərlə yanaşı əvvəlki illərdə Mərkəzin həyata keçirdiyi sosioloji sorğu və “Exit-poll” tədqiqatlarında işləmiş peşəkarlar da vardır.

Qeyd edək ki, “ELS” tədqiqatla bağlı müvafiq sənədlər paketini MSK-ya martın 14-də təqdim etmişdir. Martın 24-də Mərkəzi Seçki Komissiyası (MSK) “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin aprelin 11-də keçiriləcək prezident seçkilərində “exit-poll” keçirməsi ilə bağlı müraciətini təmin etmişdir. Təşkilatın bu sahədə kifayət qədər təcrübəsi, habelə təqdim olunan sənədlər paketinin mövcud seçki qanunvericiliyi və tələblərə cavab verdiyini əsas gətirən Komissiya üzvləri “ELS”-ı qeydiyyata alıblar.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə, istər prezident, istər parlament və bələdiyyə, istərsə də referendum zamanı “exit-poll” tədqiqatını uğurla həyata keçirmişdir.

26.03.2018