“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatının nəticələrini açıqladı

wp_20160926_024Sentyabrın 26-da saat 19.30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) rəhbərlik etdiyi Mərkəzin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının nəticələrini açıqladı. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan mətbuat-konfransı zamanı jurnalistlərə açıqlamasında İ.Yaqubova 118 seçki dairəsinin 400 seçki məntəqəsində “Ekzit-poll” keçirildiyini və gün ərzində intervüerlərin saat 10:00, 13:00, 16:00, 18:00-də məlumatları Mərkəzin “İrşad Hotel”dəki Qərargahına ötürdüklərini qeyd etdi.

İradə Yaqubova bildirdi ki, bütövlükdə “Ekzit-poll” tədqiqatının nəticələrinə görə, seçici fəallığı 65,1% təşkil edib. “Əvvəlki seçkilərdən fərqli olaraq regionlarda olduğu kimi Bakıda da seçici fəallığı nəzərə çarpırdı”, – deyən layihə rəhbəri seçicilərin tədqiqata böyük maraq göstərdiklərini və anketləri həvəslə doldurduqlarını vurğuladı. Dövlət təhlükəsizliyi və müdafiəsinin təmin edilməsi ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliklərə  90,2% seçici müsbət, 9,8% isə mənfi cavab vermişdir. İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsinə dair təkliflər 88,4% seçici tərəfindən rəğbətlə qarşılanmışdır. 11,6% seçici bu təklifləri qəbul etmədiyini bildirib. Dövlət idarəetməsi sistemi və icra hakimiyyəti strukturunda islahatlarla bağlı təkliflərə 88,5% seçici “Hə”, 11,5% isə “Yox” deyib. Seçkili və təyinatlı vəzifələrin yaş məhdudiyyəti və səlahiyyət müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər 86,4% seçici tərəfindən müsbət, 13,6% mənfi qarşılanmışdır.

Sonra İradə Yaqubova media nümayəndələrinin suallarını cavablandırmışdır.

26.09.2016