«ELS» Müstəqil Araşdırmalar Mərkəzi ekspress rəy sorğusu keçirib(Mətbuat üçün məlumat)

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi ekspress rəy sorğusu keçirib
Mətbuat üçün məlumat
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi avqust ayının birinci yarısında 6000 nəfər respondent arasında ekspress rəy sorğusu keçirilmişdir.
Rəy sorğusu Azərbaycanda seçkiqabağı vəziyyət və ictimai-siyasi durumun təhlili, həmçinin bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində dəstəkləyəcəkləri namizədlə bağlı ölkə vətəndaşlarının fikir və düşüncələrini, habelə dövlət başçısından cari ildə həyata keçirilməsini arzuladıqları addımların nədən ibarət olmasının öyrənilməsinə yönəlmişdir.
18 və yuxarı yaşda olan respondentlərin seçimi ölkə seçicilərinin mövcud statistik məlumatlara (yaş və cins) əsasən aparılmışdır. Azərbaycanda ictimai-siyasi vəziyyəti qiymətləndirən respondentlərin əksəriyyəti Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olduğunu bildirib (91,7%). Rəyi soruşulanların yalnız 5,9%-i mövcud vəziyyəti qeyri-sabit hesab edib, digər 2,4%-i isə vəziyyəti qiymətləndirə bilməyib.
Ekspress-sorğuda respondentlərin 88,9%-i 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştiraka gəldikdə səsvermədə iştirak edəcəyini, 5,0%-i iştirak etməyəcəyini, 6,1%-i isə seçkidə iştirakını hələ dəqiqləşdirmədiyini bildirib. Ekspress-sorğuda iştirak edənlərin 78,3%-i İlham Əliyevi yenidən ölkə prezidenti vəzifəsində görmək istədiklərini bildirib. Sorğu keçirilən vaxta kimi namizədliyini irəli sürən vətəndaşlar sırasında isə 0,1% olmaqla İqbal Ağazadənin və 0,5% başqalarının adları çəkilib.11,3% respondent isə kimə səs verəcəyini gizli saxladığını, 9,8%-i isə hələ dəqiqləşdirmədiyini söyləyib.
Namizədliyi irəli sürmək imkanının hələ olduğunu nəzərə alıb respondentlərdən namizədlər arasında daha kimi görmək istədikləri soruşulub. Sualı cavablandırarkən respondentlərin 2,8%-i İsa Qəmbəri, 1,5%-i Qənirə Paşayeva, 1,2%-i Lalə Şövkət Hacıyeva, 1,0%-i Vəfa Quluzadə və başqalarının adlarını çəkib .
Seçkilərdə iştirak etməyəcəklərini bildirən respondentlərin beşdə biri siyasətlə maraqlanmamalarını (21,3%), digər hissəsi seçkilərin obyektivliyinə inamlarının olmamasını (20,4%), seçkilərin onlarsız da baş verəcəyini və səslərini önəmli saymadıqlarını (12,6%), səs vermək istədikləri şəxsin namizədliyini irəli sürməməsini (6,5%), ailələrində icazə verilməməsini (6,5%) və s. qeyd ediblər.
Nəticələrin təhlili göstərir ki, evdən icazə verilməməsi səbəbini qeyd edən yalnız qadın respondentlərdir. Belə ki, kişi respondentləri üçün bu səbəbi gətirənlərin sayı 0%, qadın respondentlər üçün isə bu rəqəm 12,7% təşkil edib, bu da demək olar ki, hər 12 qadın respondentdən biridir.
«Seçkilərin ədalətli keçiriləcəyinə inanırsınızmı» sualına cavab verən rəyi soruşulanların 70,9%-i inandığını, 20,0%-i isə inanmadığını deyib, 9,1%-i isə cavab verməkdə çətinlik çəkiblər.
Seçkilərin ədalətli keçirilməsi üçün nə etmək lazım olduğuna gəldikdə respondentlərin 59,1%-i seçki prosesində nəzarətin gücləndirilməsini, 50,1%-i qanunlara ciddi əməl edilməsini, 41,6%-i seçkilərdə hamının iştirak etməsini, 12,8%-i ictimai nəzarətin tətbiq edilməsini: müşahidəçilərin sayı çoxalmalması, xarici müşahidəçilərin cəlb olunması, «Exit-poll» tədqiqatının keçirilməsi, 12,0%-i seçicilərin maarifləndirilməsi işi gücləndirilməsi və başqa təklifləri irəli sürüblər.
Sorğu zamanı 2008-ci ildə dövlət başçısı tərəfindən həyata keçirilməsi üçün əhalinin arzu və istəklərinin, eyni zamanda gözləntilərinin öyrənilməsi də tədqiqatın əsas məqsədlərindən biri olub. «Seçki ərəfəsində dövlət başçısından hansı addımların atılmasını gözləyir və arzulayırsınız» sualını cavablandıran respondentlər Qarabağ münaqişəsinin həll edilməsini (68,2%), qiymətlərin aşağı salınmasını və inflyasiyanın qarşısının alınmasını (59,1%), əmək haqlarının və təqaüdlərin artırılmasını (52,2%), yeni iş yerlərinin açılmasını (48,7%), qanunların işləməsinə nəzarətin gücləndirilməsini (38,2%), korrupsiya ilə mübarizənin gücləndirilməsini (32,0%), xalqın qayğısına qalması / insan əməyinin dəyərləndirilməsi (32,1%) və s. arzulayır.
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi ictimai-siyasi proseslərə, əldə edilmiş uğurlar və mövcud problemlərə olan münasibəti, gözləntilər və arzuları izləmək məqsədilə ölkə ərazisində sorğuların keçirilməsinə davam etməyi planlaşdırır.
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi
02 sentyabr 2008-ci il

4.09.2009