“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” Azərbaycan diplomatiyasını qələbə ilə təbrik edir

27.01.2016Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının 2013-cü ildə başladığı «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsi diplomatiyamızın uğurlu fəaliyyəti sayəsində  AŞPA-da işğalçı Ermənistandan Azərbaycan ərazilərini qəti surətdə tərk etməyi tələb edən qətnamənin qəbulu ilə nəticələnmişdir. Belə ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin Azərbaycanla bağlı hazırladığı “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi əsasında qətnamə qəbul edib…

AŞPA Beynəlxalq sənədlərə istinadən bütün üzv dövlətlərə sudan istifadə hüququnun həyat və sağlamlıq üçün vacibliyini və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil etdiyini qeyd edərək strateji əhəmiyyətə malik olan sudan istifadənin sərhədlərin mövcudluğu səbəbindən məhdudlaşdıra bilmədiyini göstərib…Həmçinin, günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi qəsdən sudan məhrum etməni mümkün olmadığını vurğulayıb və bunun “ekoloji təcavüz” kimi qiymətləndirib. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalı qeyd edilərək bu işğalın nəticəsində Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlərin yarandığı bildirilir. Bu və digər amilləri əsas tutaraq Assambleya Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılmasını tələb edərək humanitar faciyə ilə nəticələnə bilən Sərsəng su anbarının problemlərinin həlli yollarını müəyyənləşdirmişdir.

Maraqlıdır ki, bu məruzə ilə yanaşı həmin gün dinləmələrə təqdim olunan Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”  məruzəsinin qəbul edilməməsini cəmi 4 səs müəyyən etmişdisə qətnamənin qəbulu ilə yekunlaşan və Dağlıq Qarabağın məhz Azərbaycan ərazisi, Ermənistanı isə işğalçı adlandıran sənəd  27 səs çoxluğu ilə təsdiqlənmişdir.

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi bütün Azərbaycan xalqını əhəmiyyətli diplomatik qələbə ilə təbrik edir və işğal olunmuş ərazilərin tezliklə azad ediləcəyinə əmin olduğunu bildirir.

27.01.2016