ELS Müstəqil Araşdırmalar Mərkəzi layihənin yekun təqdimatını keçirdi

Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyatli rəsmi və özəl qurumlar, QHT-lər və KİV təmsilçiləri, mütəxəssislər və tələbələrin iştirakı ilə “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Müasir texniki tənzimləmə və standartlaşdırma sistemində islahatlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masası keçirildi. FOTOQALEREYA

Tədbir AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatı dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.

Konfrans iştirakçılarını salamlayan layihənin müəllifi, “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova layihənin mahiyyəti, görülən işlər, layihənin icrasından gözlənilən nəticələr, həmçinin bu müddət ərzində görülən işlər, o cümlədən işçi qrupunun yaradılması, fəaliyyət planının müzakirəsi və iş qrafikinin tərtibi, dövlət və biznes qurumları ilə əlaqələrin qurulması, “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin peşələrinə, həmçinin mədən sənayesində işləyən istehsalçıların şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə, standartlaşdırmanın zəruriliyi və prosedur qaydalarına dair geniş məlumat almaları məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutunda təşkil olunan treninqlər barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, treninqləri standartlaşdırma sahəsində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər həyata keçirib. Maraqlıdır ki, treninqlər zamanı laboratoriya və Standartlar Fondunda olan tələbələr gələcək peşələri ilə bağlı nəzəri biliklərlə yanaşı təcrübə də qazanmış oldular.

Sonra layihənin eksperti, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə formalaşan Standartlaşdırma İnstitutunun  fəaliyyət göstərdiyi 1,5 il ərzində suallar nəinki azalmadı, əksinə artdı. Ötən müddət ərzində görülən işlər haqqında danışan N.Tağıyev rəhbərlik etdiyi qurumun həm beynəlxalq, həm də Avropa standartlar sistemində Azərbaycanı təmsil etdiyini vurğuladı. Bu isə o deməkdir ki, artıq ölkə bütün beynəlxalq və Avropa standartlarını tətbiq edə bilər. Onun sözlərinə görə, hazırlanmış standart layihələrinə maraqlı tərəflərin baxılmasının təmin edilməsi, eləcə də müvafiq ixtisas üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə elektron şəbəkə sisteminin yaradılması nəzərdə tutulub. “İstərdik ki, tələbələr bu şəbəkəyə qoşulsun və standartların yaradılmasında fəal iştirak etsinlər” deyən ekspert gələcəkdə texniki komitələr vasitəsilə bu sahədə böyük uğurlara imza atılaçağına inandığını dilə gətirdi.

Sonra ictimai müzakirələr başladı. Aidiyyati dövlət qurumlarının təmsilçiləri maraqlı ideya və təkliflərlə çıxış etdilər.

Bununla da ELS Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatı dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsini başa vurdu.

Qeyd edək ki, avqustun 1-dən dekabrın 1-nə kimi (4 ay) davam edən layihənin gedişatı KİV-lərdə, İB-nin veb və “Facebook” səhifələrində işıqlandırılır.

22.11.2018