Ekoloji Parkda Beynəlxalq Sülh Günü qeyd olunub

parkELS Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Xəzər rayonunun Qala kəndindəki Ekoloji Parka səfər turu təşkil edib. Beynəlxalq Sülh Gününün qeyd olunması məqsədilə təşkil olunan səfər turunda Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri, UNESCO, UNİCEF, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri nümayəndələri də iştirak ediblər. İlk olaraq Ekoloji Park haqqında şagirdlərə ətraflı məlumat verilib. Parkla tanışlıqdan sonra isə ağac əkmə mərasimi keçirilib. Şagirdlər parkın əvvəlcədən hazırlanmış ərazisində 30-a yaxın müxtəlif növ ağac əkiblər. Daha sonra tədbir parkda fəaliyyət göstərən “Eko-Mərkəz”in akt zalında davam etdirilib.

ARDNŞ-in Ekologiya İdarəsinin Yaşıllaşdırma Departamentinin rəisi Sadiq Kərimov park barədə ətraflı məlumat verib. Ekologiya idarəsinin ekoloji təbliğat və sosial məsələlər mərkəzinin rəhbəri Füzuli Hacıyev Ekoloji Parka səfər turunun gerçəkləşməsini həm praktik, həm də nəzəri baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirib. O, şagirdlərin parkda ağac əkmələrində toxunaraq, bunun ekoloji maarifləndirməyə xidmət etdiyini deyib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiq etdiyi illik iş planına uyğun olaraq, idarə tərəfindən müxtəlif ekoloji maarifləndirmə tədbirlərin həyata keçirilirdiyini qeyd edib. O, sevindirici bir hal kimi Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri, qeyri hökumət təşkilatı təmsilçiləri, müxtəlif nazirliklərin və media qurumlarının nümayəndələri də bu tədbirə qatılaraq Beynəlxalq Sülh Gününü fərqli şəkildə məhz Ekoloji Parkda qeyd olunmasını qiymətləndirib və belə tədbirlərin əhəmiyyəti, xüsusən ekologiyamıza olan xeyri nəzərə alınaraq, bundan sonra mütamadi xarakter almasının vacibliyini vurğulayıb.

ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə bildirib ki, tədbir gənc nəslin mükəmməl və hərtərəfli inkişafına, yüksək mənəvi-mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasına müsbət təsir göstərəcək: “Dayanıqlı inkişaf və sülhün təmin edilməsi üçün sağlam, təhsilli və mədəni gənc nəslin formalaşması çox vacibdir. Məhz buna görə BMT hər ilin sentyabr ayının 21-də keçirdiyi Beynəlxalq Sülh Günündə bütün ölkələr və xalqlara böyüməkdə olan nəsildə həyata, insanlara və təbiət aləminə məhəbbətin aşılanmasına yönəlmiş təhsil və məlumat kampaniyaların keçirilməsini təklif edib. Bunları və ətraf mühitə dair bilgilərin, ekoloji məsuliyyət anlayışının, canlı aləmlə insanın sıx bağlı olması hissinin formalaşdırılmasının sülh üçün təhsilin əsas komponentlərdən olduğunu nəzərə alaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Sülh Gününü özünəməxsus şəkildə qeyd etmək barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinə müraciət etmək qərarına gəldi. Fikirləşdik ki, Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri üçün yeni istifadəyə verilmiş Ekoloji Parka ekskursiya təşkil edək və bu təklif dəstəkləndi. Mənim qənaətimə görə bu tədbir gənc nəslin mükəmməl və hərtərəfli inkişafına, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasına müsbət təsir göstərəcək”.

Tədbirdə YUNESKO-nun təmsilçisi Ramin Əliyev, UNİCEFİN nümayəndəsi Natiq Umarov, təhsil nazirliyinin sosial iş və statistika şöbəsinin müdiri Şərafət Şirinli, mədəniyyət və turizm nazirliyinin təmsilçisi Səid Hacıyev, Bakı şəhəri ekologiya və təbii sərvətlər departamentinin metəxəssisi İlqar Məmmədov, 1 və 2 saylı uşaq evlərinin müəllimləri də çıxış edərək öz fikirlərini bölüşüblər. Sonda Ekologiya İdarəsi tərəfindən şagirdlərə hədiyyələr təqdim olunub və onlar üçün nahar süfrəsi açılıb.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin
Mətbuat xidməti

« of 2 »

24.09.2011