Dövlət başçısı Şəkidə yeni obyektlərin açılışında iştirak edib

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər. Ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyduqdan sonra Prezident və birinci xanım Şəkidə bir sıra yeni obyektlərin aşılışını ediblər.

Dövlətimizin başçısı Bayraq Meydanındakı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib. Sonra Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışı olub. Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Şəkidəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uzunluğu 7,2 kilometr olan Şəki-Kiş avtomobil yolunun açılışında da iştirak ediblər. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Prezidentin Sərəncamına uyğun olaraq, Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

Sonra şəhərin Zərifə Əliyeva küçəsində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Şəki “ASAN Həyat” kompleksinin açılışı olub. Dövlətimizin başçısı Şəki “ASAN Həyat” kompleksini işə salıb burada yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. “ASAN Həyat” kompleksi üçün ayrılan 2,4 hektar ərazidə uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, yay kafesi və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.

Şəkiyə səfərləri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında da iştirak ediblər. “ASAN xidmət”in tabeliyində olan “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb.

Bundan başqa Prezident və birinci xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak edib, uşaq evinin rəmzi açılışını bildirən lenti kəsiblər.

Uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.

29.10.2018