Dövlət başçısı Ağdam rayonunda yeni obyektlərin açılışını edib

Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri çərçivəsində bir sıra yeni obyektlərin açılışı olub. Məlumatı Trend İA yayıb.

Əvvəlcə Ağdam rayonunda Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən əsaslı şəkildə yenidən qurulan, ümumi uzunluğu 25,3 kilometr, 29 min nəfərin yaşadığı 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışı oldu. Prezidentə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu, Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verildi.

Sonra Prezident və birinci xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi 1800 kvadratmetr, yüksək zövqlə müasir səviyyədə inşa olunan ikimərtəbəli Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər. Sonra dövlət başçısı ümumi sahəsi 1250 kvadratmetr olan, Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak edib. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsində olublar. Bildirildi ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

Məlumat verildi ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibatı bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.

5.11.2018