Davosda Dünya İqtisadi Forumu işə başlayıb

Azərbaycan Prezidenti tədbir ərəfəsində bir sıra vacib görüşlər keçirib

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 21-də İsveçrə Konfederasiyasına işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Məlumatı AZƏRTAC yayıb.

Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonra İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Müsahibə Azərbaycanda enerji sektoru, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələri, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Çin ikitərəfli münasibətləri və digər məsələlər ətrafında aparılıb. Azərbaycan Prezidenti CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Prezident İlham Əliyev “Rossiya 1” televiziya kanalına da müsahibə verib -ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Qeyd edək ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində işə başlayan 49-cu Davos Dünya İqtisadi Forumu “Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə qlobal strukturu formalaşdırmaq” mövzusuna həsr olunub. Dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərləri, 1000-dən artıq qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə müxtəlif diskussiyalar, o cümlədən siyasi və iqtisadi mövzuların müzakirələri nəzərdə tutulmuşdur.

22.01.2019