Bu gün Xocalı faciəsinin qurbanları yad edili

Ilham_Eliyev_Xacali_abidesiBu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. Baş nazir Artur Rasizadə, Milli Məclis sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər. 

Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 26 fevral – Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyin Facebook sosial şəbəkədəki rəsmi səhifəsində yayılan bəyanatda deyilir ki, ABŞ Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayır.

“İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir”, – deyə diplomat bildirib.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin da ölkəsinin Azərbaycan xalqının Xocalı faciəsinin acısına şərik çıxdığını və istənilən kəs və ya dövlət tərəfindən törədilən qətliamı pislədiyini bəyan edib. Səfir bildirib ki, İran parlamenti Xocalı soyqırımını müzakirəyə çıxarmağı planlaşdırır: “Ötən il sentyabrın sonunda iki ölkənin parlamentlərarası dostluq qrupları Xocalı hadisələri ilə bağlı mövqeyini əks etdirəcək məktub hazırlamaq və onu İran parlamentinə təqdim etmək barədə razılığa gəlib. İran Dağlıq Qarabağ münaqişəsinə həssaslıqla yanaşır və regional münaqişələrin həllində kənardan müdaxilələrini qəbul etmir”, – deyə səfir əlavə edib.

26.02.2014