Bolqarıstan müşahidəçiləri “ELS”ın Seçki Qərargahında olublar

Bu gün, aprelin 9-da Bolqarıstanın Azərbaycanda prezident seçkilərini müşahidə edən GİSDİ – Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü aprelin 11-nə təyin olunmuş prezident seçkilərində “Ekzit-poll” tədqiqatını həyata keçirəcək ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında olublar. FOTOQALEREYA

Tədqiqatın gedişatı ilə maraqlanan müşahidəçilərə ötən müddət ərzində görülən işlər baradə ətraflı məlumat verən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri və sözügedən layihənin rəhbəri İradə Yaqubova tədqiqatın 85 supervayzer, 600 intervüerin iştirakı ilə 118 seçki dairəsinin 300 məntəqəsinin çıxışında keçiriləcəyini, həmin məntəqələrinin monitorinqinin aparıldığını bildirdi. Orta hesabla hər 3-4 seçki məntəqəsinə 1 supervayzer, yəni intervüyerlərin işinə nəzarət edən şəxs təhkim olunub.

Üç gün ərzində Mərkəzin təlimçiləri Bakı və ölkənin bütün regionlarında (Naxçıvan istisna olunmaqla) regionlarda intervüer və supervayzerlər üçün treninqlər keçmiş, “Ekzit-poll” üçün tələb olunan müvafiq sənədlər və ləvazimatlar komplektləşdirilmiş və hazırda onların intervüer və supervayzerlərə çatdırılması prosesi gedir. İ.Yaqubova qonaqlara son hazırlıq işlərinin getdiyini, aprelin 10-da “Exit-poll”un əhatə etdiyi məntəqələrdən məlumatlar alacaq telefonçu və operatorlar üçün treninqin keçiriləcəyini dedi.

Onun sözlərinə görə, təcrübədə ilk dəfə olaraq saat 9.00-dan hər 1 saatdan bir qutuda toplanmış anketləri çıxararaq intervüerlər onlarda olan məlumatı sensorlu planşetdəki xüsusi proqrama daxil edəcəklər. “ekzit-poll”un yekün nəticələri seçki məntəqələri bağlanandan bir saat ərzində açıqlanacaq.

Qeyd edək ki, 17 ekspertdən ibarət Bolqarıstan nümayəndə heyəti Azərbaycana dünyanın 30 ölkəsindən 93 müşahidəçinin təmsil etdiyi qısamüddətli beynəlxalq müşahidə missiyasının tərkibində səfər edib.

9.04.2018