Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilir

Oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva rəsmi açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.

Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirdi.

Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış etdilər.

VI Forum “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm də beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.

İki gün davam edəcək Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edəcək. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TürkPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (IPU), BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak edirlər.

Beynəlxalq Humanitar Forum çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının təşkili məqsədilə rəngarəng mədəni proqram təqdim olunacaq, qonaqların Bakı şəhərinin gəzməli-görməli yerləri ilə tanışlığı da təşkil ediləcək.

25.10.2018