Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Ushaqlarin-beynelxalq-mudafie-gunu11 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü artıq 63 ildir dünyada qeyd olunur. Gün.Az xəbər verir ki, iyunun 1-i uşaqların müdafiəsinə həsr etmək haqda qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Hazırda ölkəmizdə 3 milyon uşaq yaşayır. Onların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir. Uşaqlarla bağlı dünyada çoxsaylı problemlər mövcuddur. Beynəlxalq təşkilatların məlumatına görə, dünyada hər saniyədə onlarla uşaq acından ölür.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir.
Hazırda internatdakı uşaqların ailələrə verilməsi layihəsi üzərində iş gedir. Qeyd edək ki, ölkədəki 50-yə qədər internat məktəbində 20 mindən çox uşaq yaşayır. 5000 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur. Eyni zamanda 300 min qaçqın və məcburi köçkün uşağın evlə təmin olunması, onların istirahətinin təmin edilməsi, təhsil səviyyəsinin yüksəldilməsi və. s istiqamətdə də işlər görülür.
Uşaqlarla bağlı nikbin hallardan biri də odur ki, səhiyyə sahəsində görülən işlərdən sonra ölkədə uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb. Hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ölkədə bir sıra tədbirlər keçirilir.
Bu il Gənclər üçün Təhsil Mərkəzi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə birinci Uşaq Yaradıcılıq Festivalı təşkil edib. Səhiyyə Nazirliyi isə Beynəlxalq Uşaqları Müdafiə Günü münasibəti ilə Bakı və regionlarda xeyriyyə aksiya təşkil edib. Aksiyalar çərçivəsində Ucar, Tərtər və Astara rayonlarına ezam olunmuş Səhiyyə Nazirliyinin həkim briqadaları (pediatr, uşaq kardioloqu, LOR, uşaq nevropatoloqu, uşaq cərrahı, psixiatr, hematoloq) tərəfindən uşaqlar arasında dərin müayinələr aparılır, həmçinin müayinələrdən sonra onlara bayram hədiyyələri təqdim olunacaq. Bundan əlavə, iyunun 1-də Bakı şəhəri Psixonevroloji Uşaq Evində və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xeyriyyə tədbiri keçiriləcək, orada müalicə alan uşaqlara Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş hədiyyələr təqdim olunacaq.

1.06.2014