Bakı sakinlərinin sayı ən yüksək həddə çatıb: Paytaxtda hər il əhalinin sayı 20-30 min nəfər artır

Son 120 ilin statistik göstəricilərinə əsasən, Bakı əhalisinin sayı bu ilin əvvəlində ən yüksək həddə çatıb. Trend-in məlumatına görə, 2018-ci ilin əvvəlində Bakının 2 milyon 262 min 600 nəfər əhalisi olub ki, bu da paytaxt üçün son 120 ilin ən yüksək göstəricisi sayılır.

Yalnız 1990-91-ci illər istisna olmaqla, demək olar ki, paytaxt əhalisinin sayında hər il artım müşahidə edilib. 1999-cu ildən sonra Bakıda əhalinin il ərzindəki artımı 1-2 faiz civarında olsa da, 2016-cı ildə bu göstərici 0,9 faiz (20 000 nəfər), 2017-ci ildə isə 0,7 faiz (16 800 nəfər) olub. Ümumilikdə götürdükdə son illər ərzində paytaxtda əhalinin sayı il ərzində 20-30 min nəfər artır.

Son 17 ildə Bakıda əhalinin sayında ən yüksək illik artım 2008-ci ildə müşahidə edilib. Həmin il paytaxt əhalisinin sayı 2 faiz, başqa sözlə 40 min 200 nəfər artıb.

3.10.2018