Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki mili pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub

Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki mili pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub. AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Bina Dənizkənarı Milli Parkın ərazisində bütün fəsillərdə daimi istifadəyə uyğunlaşdırılıb. Burada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb, terras qurulub.

Qeyd edək ki, “Milan Ekspo 2015” Ümumdünya sərgisindən sonra sökülərək Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilyonumuzun inzibati binası 4 mərtəbədən ibarətdir və 6 min kvadratmetr ərazisi var. Burada, eyni zamanda, sakinlər, eləcə də şəhərimizin qonaqlarının istirahəti üçün əlavə olaraq 4 min kvadratmetrə yaxın ərazidə müxtəlif ağac və bitki növlərindən ibarət yaşıllıq zolaqları da salınıb, istirahət üçün sahələr yaradılıb. Ərazidəki torpaq münbitləşdirilib, müasir işıqlandırma sistemi quraşdırılıb, meydançalar yaradılıb, avtomobil və velosipedlərin parklanması üçün dayanacaq sahəsi ayrılıb. Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

8.10.2018