Azərbaycanda yollar müvəqqəti bağlanan zaman dərhal vətəndaşların mobil telefonlarına SMS göndəriləcək

mobilsmsNazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib. APA-nın məlumatına görə, Qaydaya əsasən yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçiriləcək.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək. Göndərilən qısa mesajların (SMS) həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunacaq.  Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən yenidən qurulma və təmir,  dövlət tədbirlərinin keçirilməsi,  qəzaların olması halları təşkil edir. Bu məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstəriləcək. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə ediləcək. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişli olacaq. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən ediləcək. Xidmətdən əldə edilən vəsait Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılacaq.

9.12.2014