“Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib

Azerbaycanda yol tehlukesizliyi sahesindeki problemlerin hellinde cemiyyetin rolu movzusunda deyirmi masa 170112Bu gün “Təhlükəsiz Yol” Alyansı “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, alyansın həmtəsisçisi Şahin Camalov deyib ki, 12 qeyri-hökumət təşkilatından ibarət “Təhlükəsiz Yol” Alyansının yaradılmasında məqsəd ölkədə sürətlə artan yol qəzalarının, çoxsaylı vətəndaşların yol qəzası qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində layihələr icra etmək, ciddi problemin həlli istiqamətində əsaslı işlər görməkdir. 

Ş. Camalov qeyd edib ki, ötən il yol qəzalarında ölüm halları ən çox paytaxtın Ziya Bünyadov, Babək, Nobel, Heydər Əliyev prospektlərində baş verib. 2011-ci ildə 1016 nəfər ötən yol qəzaları zamanı dünyasını dəyişib. Ş. Camalov onu da bildirib ki, bu qəza hadisələrinin baş verməsinin səbəblərindən ən əsası sürətdir.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri, alyansın həmtəsisçisi Əliməmməd Nuriyev bildirib ki, dünyada ildə 1,2-1,5 milyon adam dünyasını dəyişir: “Bu tendensiya davam etsə, dünyada ölüm səbəbləri arasında ikinci yeri tutacaq”. O, yol qəzaları ilə bağlı sanksiyaların sərtləşdirilməsinin vacibliyini də vurğulayıb: “Bəzi ölkələrdə avtomobili sərxoş idarə edənlər sürücülük hüququndan həmişəlik məhrum edilir”. “Els” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova paytaxtın yol infrastrukturunda mövcud olan nöqsanlardan danışıb.

Tədbirdə, həmçinin qeyd olunub ki, alyans problemdən çıxış yolu üçün strateji fəaliyyət planı hazırlanıb

17.01.2012