Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqlərə başlanılıb

qush-qripiKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq, bu gün ölkə üzrə növbəti monitorinqə başlayıb. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətindən məlumat verilib. Monitorinqə bu gün Abşeron Milli Parkında start verilib və Şabran, Salyan, Ağcabədi, Lənkəran rayonlarının milli parklarında da aparılacaq. Ev quşları arasında aparılacaq monitorinq isə respublikanın bütün rayonlarını əhatə edəcək.

Monitorinq DBX-nin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Monitorinq martın 16-da başa çatacaq. Mətbuat xidmətindən bildiriblər ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

4.03.2012