Azərbaycanda prezidentliyə namizədlərin irəli sürülməsi prosesi davam edir

seckilerAzərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər. Prezidentliyə iddialılar öz sənədlərini avqustun 20-dən sentyabrın 9-na kimi MSK-ya təqdim etməlidirlər.

Artıq 7 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə və Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

MSK artıq Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Orucun prezidentliyə namizədliyini təsdiq edib. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin respublika üzrə imzatoplama kampaniyasına start verilib. Partiyanın rayon və şəhər təşkilatlarının iclasları keçirilərək ölkə üzrə namizədin imzatoplama kampaniyasına başlanılıb.

2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə qeydə alnmış namizədlərə kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Mərkəzi Seçki Komissiyası ödənişsiz efir vaxtının İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərində olacağını bəyan edib. Bu qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Azərbaycanda keçiriləcək prezident seçkisi gününə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Təqvim Planında qeyd olunub. Belə ki, seçki günü ilə bağlı qərar dərc olunduğu gündən etibarən prezidentliyə namizədliyin irəli sürülməsinə başlanılır və vətəndaş namizədliyini irəli sürüb imza vərəqələrini götürmək üçün MSK-ya müraciət etmək hüququna malikdir. Təqvim Planına əsasən, imza vərəqələrini götürən şəxs bir həftə ərzində onu geri qaytarmalıdır və ondan sonra MSK onun rəsmi qeydiyyata alınması məsələsinə baxacaq. Təqvim Planında qeyd olunub ki, sentyabrın 19-dan oktyabrın 8-dək təbliğat kampaniyası aparılacaq.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Sonuncu prezident seçkiləri Konstitusiyaya əsasən 5 il əvvəl, yəni 2008-ci il oktyabrın 15-də keçirilmişdir.

13.08.2013