Azərbaycanda prezident seçkilərini müşahidə edən Bolqarıstan QHT-si aralıq hesabatını açıqlayıb

Bolqarıstanın Azərbaycanda prezident seçkilərini müşahidə edən GİSDİ – Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü aralıq hesabatını açıqlayıb. Təşkilatdan APA-ya verilən məlumata görə, hesabatda qeyd edilir ki, prezident seçkilərinin keçirilməsi üçün 15 namizəd irəli sürülüb, onların müraciətləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib, onlardan 8 nəfərin namizədliyi qeydə alınıb.

Vurğulanır ki, GİSDİ əməkdaşlarının görüşdüyü bütün namizədlər və partiya təmsilçiləri namizədliklərinin qeydə alınması zamanı heç bir problemlə qarşılaşmadıqlarını bildirib və təbliğat kampaniyalarına çətinlik törədə biləcək heç bir məqamın olmadığını qeyd ediblər.

Hesabatda vurğulanır ki, bəzi siyasi partiyalar istisna olmaqla, qeydiyyata alınmış siyasi partiyaların əksəriyyəti prezident seçkilərində iştirak etmək istəklərini ifadə ediblər: “Müxalifət partiyalarının bəziləri prezident seçkisində, o cümlədən, müxalifətçi Azərbaycan Demokratik Qüvvələr Milli Şurası və Müsavat Partiyası qatılmayacaqlar. Bəzi müşahidəçilərə və mətbuat orqanlarına verdikləri izahatlarda onlar, həm seçkilərdə rəqabət qabiliyyətinin olmamasını həm də, növbənəkənar prezident seçkilərinin kifayət qədər motivasiya edilməməsi və başqa məqsədlərlə həyata keçirildiyini hesab edirlər”.

Hesabatda müxtəlif təşkilatlar tərəfindən seçki öncəsi keçirilmiş sosioloji sorğuların nəticələri təhlil edilir. Sorğuların nəticələrinə istinad edən hesabat müəllifləri respondentlərin böyük əksəriyyətinin Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirdiklərini, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasəti dəstəklədiklərini ön plana çəkirlər. Onlar bütün sorğularda hazırda fəaliyyət göstərən prezidentin reytinqinin çox yüksək olmasını və seçkilərdə onu dəstəkləyəcəklərini vurğulayırlar. Hesabat müəllifləri qeyd edir ki, digər müxalifət partiya və biliklərin prezident seçkilərində iştirakdan çəkindirən əsas səbəb də onların şansızlığının əvvəlcədən bəlli olması ilə bağlıdır.

Hesabat müəllifləri Azərbaycanda seçki administrasiyasının ənənəvi şəkildə qurulduğunu və seçki komissiyalarının 3 pilləli ierarxik sistemdən – Mərkəzi Seçki Komissiyası (MSK), Dairə Seçki Komissiyası (DSK) və Məntəqə Seçki Komissiyasından (MnSK) – ibarət olduğu qeyd edirlər. Diqqətə çatdırılır ki, Mərkəzi Seçki Komissiyasının, seçki prosesində baş verən bütün əsas hadisələr barədə müfəssəl məlumatlar verən veb saytı var. Bu veb səhifəsində xarici müşahidəçilərin müvafiq öhdəliklərini yerinə yetirməsinə kömək edən ingilis bölməsi də var.

Sənəddə deyilir ki, birləşmiş vahid seçici siyahıları hər il yanvar ayının əvvəlində yerli nümayəndəliyin məlumatları əsasında yerli seçki məntəqələri tərəfindən yenilənən seçici siyahılarına əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilib, yenilənib və  5 fevral 2018-ci il tarixindən gec olmayaraq DSK-lara təqdim edilib.

GİSDİ-nin hesabatında bildirilir ki, MSK seçicilərin məlumatlılığının artırılması və məntiqli seçim etmək və səsvermə kimi mülki hüquqlarından istifadə etmək səlahiyyəti vermək məqsədilə müxtəlif layihələr həyata keçirib, çoxsaylı çap materialları hazırlayıb və paylayıb, həftədə bir dəfə dövlət və özəl mediada yayımlanan radio və televiziya proqramları təşkil edib.

Sənəddə deyilir ki, namizədlərin seçicilərlə görüş üçün qanunvericiliyə uyğun olaraq ölkənin 70-dən artıq şəhər və qəsəbəsində yerli icra hakimiyyəti orqanlarının qərarları ilə xüsusi yerlər müəyyən olunub, Bakı şəhərində 12 yer müəyyən edilib.

GİSDİ uzunmüddətli müşahidə missiyası aralıq hesabatında ümumiləşdirmələr apararaq bildirir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur; seçkiqabağı mühit sabitdir; seçicilərin öz seçimini azad ifadə etmək, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur; azad və demokratik seçkilərin keçirilməsi baxımdan ölkədəki makrosiyası mühit münbitdir.

4.04.2018