Azərbaycanda «Körpülərin salınması» mövzusunda beynəlxalq konfrans keçirilir

27.09.2012Sentyabrın 27-də Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə «Körpülərin salınması» mövzusunda 2 gün davam edəcək beynəlxalq konfrans öş işinə başlayıb.

Tədbirin açılış mərasimində çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov son illər Azərbaycanda həyata keçirilən demokratikləşmə, Avropa ilə əməkdaşlıq proseslərindən danışıb. Dağlıq Qarabağ məsələsinə toxunan E. Süleymanov bildirib ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və ərazilərin işğal olunmasıdır. Beynəlxalq təşkilatların fəaliyyətini tənqid edən E. Süleymanov 20 ildir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yox dərəcəsində olduğunu vurğulayıb: “Ermənistan isə beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur”.
E. Süleymanov Azərbaycan Ordusunun zabiti R. Səfərovun ölkəyə ekstradisiyası və əfv edilməsinə ermənilərin reaksiyasından da danışıb. Bildirib ki, Ermənistanın prezidenti Serj Sarkisyanın rəhbərliyi altında 20 il əvvəl Xocalıda 600-dən artıq dinc insan qəddarlıqla qətlə yetirilib. Atəşkəsdən sonra ermənilər Azərbaycanda 1250 mülki vətəndaşı öldürüblər.

Avropa Məsələləri üzrə İnstitutun (İNEA) sədri, professor Yürgen Gramke isə çıxışında bildirib ki, Avropa Azərbaycan haqqında çox az məlumata malikdir: “Bugünkü tədbir bu sahədə mühüm addım olacaq. Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz regionu Avropanın gələcək siyasi və iqtisadi regionları sırasına daxildir. Burada yalnız neft və qaz nəzərdə tutulmur. Bu ölkələr özlərinin iqtisadi artımını geniş baza əsasında qurmaq istəyir».

Daha sonra tədbir panellərdə iqtisadiyyat, elm, təhsil və idman sahələrinin müzakirələri ilə davam etdirilib.

Qeyd edək ki, yerli dövlət və hökumət nümayəndələrinin də qatıldığı tədbirdə, konfrans iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, həm də keçmiş dövlət məmurları, deputatlar, nazirlər və digər hökumət üzvləri, eləcə də Avropa Birliyi strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları da var.

27.09.2012