Azərbaycanda keçiriləcək referendumla bağlı Təşviqat qruplarına ayrılan efir vaxtının qaydaları müəyyənləşib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib ki, qruplar üçün həftədə 3 saat pulsuz efir vaxtı ayrılıb. Bunun 1.5 saatı İctimai Televiziya, 1.5 saatı isə İctimai Radio üçün nəzərdə tutulub. M. Pənahovun sözlərinə görə, İctimai Televiziya və Radio Yayım Şirkətinin rəhbərliyi televiziyada efir vaxtını həftədə bir gün – şənbə günləri saat 18.15-dən 20.00-a qədər, radioda isə həftənin çərşənbə günləri saat 20.15-dən 22.00-a qədər ayırıb. M. Pənahov ümumilikdə kampaniya dövründə 4 dəfə televiziya, 4 dəfə isə radioda ödənişsiz müzakirələrin aparılacağını qeyd edib. Onun sözlərinə görə, ayrılan efir vaxtlarından dəyirmi masa formasında istifadə olunacaq.
MSK üzvü Almas Qəhramanlı isə televiziya üçün 18.15-in əlverişli olmadığını deyib: “Vaxtın dəyişməsi üçün televiziya rəhbərliyinə yenidən müraciət edilsin”.

MSK üzvü Akif Qurbanov isə zaman keçdikcə imkanların genişləndirilməsi əvəzinə, daha da daraldılması xətti nümayiş olunduğunu qeyd edib. Onun sözlərinə görə, sonuncu prezident seçkilərində 6 saat, referendumda isə 3 saat efir vaxtının ayrılması pis haldır: “İctimai Televiziya və Radio Yayım Şirkətinin özəl qurum deyil, qanunda seçki və referendumlarla bağlı onların üzərinə vəzifələr qoyulur. Amma televiziya rəhbərliyi efir vaxtını dəyişmir, həmçinin artırmır”.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, qurumun iclasından əvvəl 9 Təşviqat qrupu televiziya rəhbərliyi ilə müzakirələr aparıb və elan olunan qərara gəliblər.

MSK üzvü Oqtay Hümbətli də ayrılan efir vaxtının az olduğunu qeyd edib. O təklif edib ki, ayrılan efir vaxtının 75 faizi televiziya, 25 faizi isə radioya verilsin: “Həqiqətən də televiziyada ayrılmış efir vaxtı baxımlı deyil. Saat 21.00-da İTV-də onsuz da serial verilir. Serialın əvəzinə ölkə üçün əhəmiyyətli olan təbliğat aparılsa, daha yaxşıdır”.

Təkliflərə baxmayaraq, M. Pənahov artıq Təşviqat qruplarının əksəriyyətinin təklif olunan variantla razılaşdığını və qərarın qəbul edildiyini qeyd edib.

MSK-nın iclasında televiziyada təşkil olunacaq dəyirmi masalarda Təşviqat qruplarının çıxışlarının ardıcıllığı və masa ətrafında əyləşmə ardıcıllığı ilə bağlı püşk atılıb. Püşkün nəticələrinə görə, “Zəka” Təşviqat qrupunun nümayəndəsi aparıcıdan sağda əyləşəcək və birinci çıxış edəcək. Aparıcıdan solda və ikinci çıxış edən “Şəhər” Təşviqat qrupunun, aparıcıdan sağda və üçüncü çıxış edəcək “Vətəndaş Cəmiyyəti” Təşviqat qrupunun, aparıcıdan solda və dördüncü çıxış edəcək “Davamlı İnkişaf Naminə” Təşviqat qrupunun, aparıcıdan sağda və beşinci çıxış edəcək “Qarabağ və Respublika Uğrunda” Təşviqat qrupunun, aparıcıdan solda və altıncı çıxış edəcək “Respublikaçılar” Təşviqat qrupunun, aparıcıdan sağda və yeddinci çıxış edəcək “Hüquq və Demokratiya” Təşviqat qrupunun, aparıcıdan solda və səkkizinci çıxış edəcək “Tərəqqi” Təşviqat qrupunun, aparıcı ilə üzbəüz və doqquzuncu çıxışçı isə “Yeni Azərbaycan” Təşviqat qrupunun nümayəndəsi olacaq.

İclasın sonunda çıxış edən “Respublikaçılar” Təşviqat qrupunu səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-nən qəbul etdiyi qərara etiraz edib.

“Yeni Azərbaycan” Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov isə bildirib ki, 7 Təşviqat qrupu təklif olunan variantla tam razıdır: “Çoxluq 2 Təşviqat qrupunun fikri ilə oturub-durmalı deyil”.

Qeyd edək ki, İctimai Televiziyada ilk dəyirmi masa fevralın 21-də təşkil olunacaq.

Mənbə: www.trend.az

18.02.2009