Azərbaycanda çimərliklərin monitorinqinə başlanıb

chimerlik_bakiRespublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərin monitorinqinə başlayıb. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında yerləşən bütün çimərliklərdən dəniz suyunun nümunələri götürülüb.

Həmin nümunələrin laborator müayinələrinin aparıldığını deyən Z. Kazımov bildirib ki, nümunələr kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçirilir. Şöbə müdiri nəticələrin yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, ötən ilki müayinələrin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində olub.

Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə müşahidə olunub. Əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, həmin çimərliklərdən istifadə qadağan edilib.

16.05.2012