Azərbaycanda 7 bal gücündə zəlzələ baş verib

zelzeleZəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər 09.40 radələrində ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbə, yerin 10 kilometr dərinliyində baş verib. Tikililərdə dağıntı var. İnsan itkisi yoxdur.

Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ Bakı-Tiflis-Ceyhan neft kəmərinin işinə təsir göstərməyib. Bunu Trend agentliyinə boru kəmərinin operatoru olan BP şirkətindən bildiriblər. Zəlzələ həmçinin Zaqatalanın dəmiryolu və hava limanının fəaliyyətinə də təsir etməyib. Bu məlumatları “Azərbaycan dəmir yolları” və “Azərbaycan hava yolları” şirkətlərindən təsdiqləyiblər. “Azərbaycan hava yolları” Bağlı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərlinin APA-ya verdiyi məlumata əsasən, zəlzələnin nəticələri Zaqatala hava limanının binasında da hiss olunub: “Bəzi yerlərdə divarların malası tökülüb, elektron qapılar sıradan çıxıb. Buna baxmayaraq, uçma-enmə zolaqları normal vəziyyətdədir və Bakı-Zaqatala-Bakı reysi adı iş rejimində həyata keçiriləcək”.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Day.az saytına bildiriblər ki, bu gün saat 10:38-də Zaqatala rayonundan 16 km şimal-qərbə yerin 1 km dərinliyində 4,5 bal gücündə təkrar zəlzələ qeydə alınıb.

“Hazırda mən Zaqatala rayonundayam. Rayon mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə gedirik. Rayonda zəlzələ nəticəsində insan itkisi olmayıb, ağır xəsarət alan da yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib: “İstər rayon mərkəzində, istərsə də kəndlərdə xüsusi dağıntılar, kütləvi şəkildə evlərin uçması və s. hadisələr baş verməyib. Hazırda zərər çəkmiş tikililərin qeydiyyatı aparılır. Bu cür tikililərin sayı və dəymiş ziyan müəyyənləşdirildikdən sonra bu barədə ətraflı məlumat veriləcək”. K. Heydərov hazırda Zaqatala və ətraf rayonlarda heç bir problem, təşvişə səbəb olacaq halın baş vermədiyini bildirib: “Rayonlarda əhali gündəlik həyat tərzini davam etdirir, bütün infrastruktur tam gücü ilə işləyir”.

7.05.2012