Azərbaycanda əfv sərəncamının icrasına başlanıb

TurmeBu gün əfv sərəncamının icrasına başlanıb. APA-nın məlumatına görə, əfv sərəncamı mayın 26-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Sərəncam ümumilikdə 175 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib. Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil edilib.  

Əfv olunan şəxslərin arasında jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) da var. O, 2012-ci il avqustun 22-də Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. F. Novruzoğlu həmin il aprelin 18-də həbs olunub. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrinə əsasən ittiham olunub.

Xatırladaq ki, Fərəməz Novruzoğlu bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, 2007-ci ildə də Azərbaycan prezidentinin imzaladığı fərmanla əfv olunub.

27.05.2014