Azərbaycan xalqı Respublika Gününü qeyd edir

Respublika-gunu-28-May-main28 May Azərbaycanın tarixinə Respublika günü kimi daxil olub və xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün -1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır.

Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin , onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı dövlət universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ölkəmizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Təəssüflər olsun ki, uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik. Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.

Ötən gün Respublika Günü münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən Londonun “The Royal Horseguards” mehmanxanasında tədbir və ziyafət təşkil edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri, Britaniya parlamentinin üzvləri, lordlar, Londonda akkreditə olmuş diplomatik korpusun üzvləri, səfirlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, Britaniyadakı azərbaycanlı icmasının çoxsaylı üzvləri, o cümlədən tələbələr və icma təşkilatlarının nümayəndələri qatılıb.

27.05.2014