Azərbaycan xalqı 20 Yanvar qurbanlarını yad edir

20-yanvar-shehidler-xiyabani-ushaqBu gün Azərbaycan xalqının şanlı səhifəsinə çevrilmiş 20 Yanvar qanlı hadisələrindən 26 il ötür. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi cinayət 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması ilə nəticələndi və Azərbaycan xalqının tarixinə qürur və şərəf mübarizəsi kimi daxil oldu…

Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın əziz xatirəsini qürur və ehtiramla yad edir. Xalqımızın qan yaddaşına həkk olunmuş 20 Yanvar faciəsi həm Azərbaycan, həm də onun hüdudlarından kənarda ümumxalq hüzn günü kimi  qeyd edilir.

20.01.2016