Azərbaycan Respublika Gününü qeyd edir

b25773082003814551ff26a957e173a5Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. Düz 97 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü élan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

28.05.2015