Azərbaycan Qoşulmama Hərəkatına 3 il müddətinə sədrlik edəcək

qosulmamaQoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Venesuela Bolivar Respublikasının Marqarita adasında “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında 17-ci sammiti keçirilib. Azərbaycan tərəfi bu hərəkatın üzvü kimi sammitdə iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisat ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.

Sammitin yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də yer alıb. Yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq edib, tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.

XVII zirvə toplantısının mühüm nəticələrindən biri də hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçirilməsidir.

21.09.2016