Azərbaycan prezidenti Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib

Ilham_Aliyev_sefer_090512Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfər edib. APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib.

Sonra prezident və xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə kompleksin məlumat mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.

Dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, kompleksin önünə əklil qoyub.

Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Bildirilib ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunub.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılıb. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər inzibati otaqlar var. Abidə bütövlükdə brutto-betondan hazırlanıb.

Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə respublikanın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Burada Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

Komplekslə tanışlıqdan sonra dövlət başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib.

Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkiblər.

19.09.2013