Azərbaycan prezidenti Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun açılışında iştirak edib

ilham-aliyev-yolAzərbaycan prezidenti İlham Əliyev Mingəçevirə səfərə gedərkən yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib. APA-nın məlumatına görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən reallaşdırılan Kürdəmir-Ucar-Yevlax–Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 87,8 kilometr uzunluğunda olan yolun Kürdəmir-Ucar-Yevlax hissəsi iki zolaq əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilib.

Layihəyə əsasən yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-betondur. Yol yatağının qalınlığı hamarlayıcı qat 30 santimetr, əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr olmaqla, ümumilikdə 75 santimetrdir. Asfalt-beton örtüyü isə üç qat olmaqla, qalınlığı 25 santimetr təşkil edir. Layihə çərçivəsində 4 yol qovşağı və su üzərində 5 hidravlik körpü inşa olunub. Bundan başqa, yolda 25 yeraltı keçid, 39 düzbucaqlı drenaj qurğusu, 124 suötürücü boru və 16 avtobus dayanacağı tikilib.

22.09.2016